IQNA

Əxlaqi gözəlliklər

Allahdan başqa heç kimə əyilməmək

10:10 - February 11, 2018
Xəbər sayı: 3482767
“Ey Allahım, müşküllərə giriftar olduğumda, çıxılmaz vəziyyətdə qaldığımda məni Səndən başqasından kömək istəməklə imtahan etmə”.

Allahdan başqa heç kimə əyilməməkİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi): Müsəlmanların 4-cü məsum rəhbəri, Peyğəmbər (s) irsinin davamçısı, İlahi imamət, vilayət və xilafətin sahibi Həzrət İmam Zeynul-Abidin Əli ibn Hüseyn ibn Əbi-Talib əs-Səccad (ə) dualar toplusu olan “Səhifə əs-Səccadiyyə” kitabının 20-ci duasında deyir:  

لا تَفتِنّي بِالاستِعانَةِ بِغَيرِكَ إذَا اضطُرِرتُ

“La təftinni bil-istianəti bi ğəyrikə iza uzturirtu”

“Ey Allahım, müşküllərə giriftar olduğumda, çıxılmaz vəziyyətdə qaldığımda məni Səndən başqasından kömək istəməklə imtahan etmə”.  

Elə həmin duadan bir neçə paraqraf sonra deyir:

‌و لا بِالخُضوعِ لِسُؤالِ غَيرِكَ إذَا افتَقَرتُ، و لا بِالتَّضَرُّعِ إلى مَن دونَكَ إذا رَهِبت‌

“Və la bil- xuzui li suali ğeyrikə iza iftəqərtu və la bit təzərrui ila mən dunəkə iza rəhibtə”.

 “Mən fəqir olduğumda Səndən başqasına əyilib kömək istəməklə və qorxu zamanı Səndən başqasına yalvarmaqla məni imtahan etmə”.

Bu duadan məlum olur ki, insan problemlərlə üzləşdikdə, çıxılmaz vəziyyətdə qaldıqda, qorxu və kasıbçılıq zamanında kömək üçün ağız açacağı ağlına gələn ilk şəxs imanın dərəcəsini müəyyənləşdirir.

Belə halda Allahın və ya qeyrsinin sorağına getmək insanın imtahandan neçə çıxmasının göstəricisidir. İnsan gərək bu kimi hallarda kiçiklərin yanında kiçilməklə özünü Allah qarşısında xar etməsin.

Bu sınaq və imtahan həqiqətən də çətin olduğu üçün İmam Səccad (ə) bu duanı bir neçə yerdə təkrarlayır. Həmçinin bir hədisdə buyurur:

طَلَبُ‌ الحَوائِجِ‌ إلَى‌ النّاسِ‌ مَذَلَّةٌ لِلحَياةِ، و مَذهَبَةٌ لِلحَياءِ، وَ استِخفافٌ بِالوَقارِ و هُو الفَقرُ الحاضِرُ، و قِلَّةُ طَلَبِ الحوائجِ مِنَ الناسِ هُو الغِنى‌ الحاضِرُ(تحف العقول، ابن شعبه حرانی (۳۸۱ ق) ص279).

“Ehtiyaclarını insanlardan istəmək insanı dünyada xar edər, insanın həyasını aparar, insanı vüqardan salar, gözdəndüşmə və yüngül edər və bu (ehtiyaclarını digərindən istəmək) özü hazır yoxsulluqdur. Və insanlardan ehtiyacsızlıq və digərlərindən kömək ummağı azaltmaq hazır zənginlikdir”. (Töhəful-Uqul, s.279). Çünki insan başqalarına əl açamdıqca öz şəxsiyyət və mənliyini qoruyur və öz problemlərini özü həll etməyə çalışır. Özünün bacarığına inanır. Və təbii ki, özünə inamla birlikdə həm də Allahın lütfünə sığınmalı, Allaha təvəkkül etməli və Allahdan kömək istəməlidir ki, işlərində müvəffəq olsun.  

İmam Sadiq (ə) bəzi şiələri ilə söhbətində onlara buyurdu:

شِيعَتُنَا مَنْ لَايَهِرُّ هَرِيرَ الْكَلْبِ، وَ لَا يَطْمَعُ طَمَعَ الْغُرَابِ، وَ لَا يَسْأَلُ عَدُوَّنَا وَ إِنْ‌ مَاتَ‌ جُوعا (الكافي، شیخ کلینی (۳۲۹ ق) ج‌۲ ص238)

“Bizim şiəmiz o kəsdir ki, (çətinlik və bəla zamanı gücsüzlük və naçarlıqdan) it kimi ulamır, qarğa kimi (digərlərinin əlindəki qapmağa) tamahkar deyil və acından ölsədə də bizim düşmənlərimizə əl açan deyil”. (Əl-Kafi, c2, s.238).  

Və bu duanın izahını möminlərin əmiri Həzrət İmam Əli ibn Əbi Talibin (ə) mübarək kəlamı ilə sona çatdırıram ki, buyurur:

امنُن عَلى مَن شِئتَ تَكُن‌ أميرَهُ‌. وَاحتَج إلى مَن‌ شِئتَ تَكُن أسيرَهُ. وَاستَغنِ عَمَّن شِئتَ تَكُن نَظيرَهُ (الخصال، شیخ صدوق (۳۸۱ ق) ص۴۲۰ ح14).

“Hər kəsə lütf etsən ağası və əmiri olacaqsan, hər kəsdən ehtiyac umsan, əsiri olacaqsan və hər kəsdən ehtiyacsız olsan, onun bərabəri olacaqsan”. (Əl-Xisal, s.420, hədis:14).  

Mirməhəmməd Bəşir

captcha