"İQNA", "Rusya Əl-yəvm"-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı, Əfqanıstan xalqının üzləşdiyi və qışın başlaması ilə daha da ağırlaşan humanitar böhranı nəzərə alaraq, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə iclasını keçirməyə çağırıb. Bu iclasda Əfqanıstandakı humanitar vəziyyət müzakirə ediləcək.
Səudiyyə Ərəbistanı deyib ki, bu iclasda Taliban müvəqqəti hökumətindən istənilməlidir ki, müxtəlif məzhəblərə nəzarət edərkən beynəlxalq nizamnamə və standartlara əməl etsin. İnsan hüquqlarına, qadınların İslam hüququ təlimləri çərçivəsində oxumaq və işləmək hüququna hörmət etsin.
Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi də dünən Əfqanıstandakı vəziyyəti nəzərdən keçirmək üçün dekabrın 17-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) iclasının keçiriləcəyini təsdiqləyib.
O, əlavə edib ki, Əfqanıstan bu təşkilatın qurucu üzvlərindən biridir. Bu gün əfqan qardaş və bacılarımızın bizə hər zamankindən daha çox ehtiyacı var.