IQNA

Qurban bayramı qəlbini Allahdan qeyrisindən kəsməkdir

12:24 - July 11, 2022
Xəbər sayı: 3492534
Qurban bayramı və onun İslamda xüsusi adətləri Quranda bəhs edilən heyrətamiz bir hekayə ilə bağlıdır. Ataya övladını qurban kəsmək əmr olunur. Amma bu iş Allahın əmri ilə dayandırılır ki, ilahi dinlərin ardıcıllarına ünvanlanan əbədi mesaj tarixə yazılsın.

Zilhiccə ayının onuncu günü böyük İslam bayramlarından biridir ki, ona Qurban bayramı deyilir. Əsrlər əvvəl bu gündə Allah Həzrət İbrahimə (ə) oğlu İsmayılı qurban kəsməyi əmr etdi. Bu uşaq qocalıqda və qəflətən Allahın lütfü ilə ona verilmişdi. Belə bir hərəkətin təəccüblü olmasına və bu ata və oğulun bu ilahi göstərişə necə münasibət göstərməsinə baxmayaraq, hekayənin maraqlı hissələri bununla bitmir.

İxlası müxtəlif dinlərdə böyük örnək sayılan bu ilahi peyğəmbər İsmayılı qurban kəsməyə apardı. Onun ilahi əmri yerinə yetirmək üçün ciddi səyi Allahın növbəti əmri ilə dayandırıldı. Bu zaman vəhy mələyi Cəbrayıl bir qoçla onun yanına gəldi. O, Allahın bu əmrini Peyğəmbərə çatdırdı və oğlunun yerinə qurban kəsmək üçün qoçu ona verdi.

Bu əhvalat "Saffat" surəsinin 99-109-cu ayələrində deyilir və bu ayələrlə bitir: "Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi. Biz ona böyük bir qurbanlıq (Habilin qurbanlıq qoçunu) əvəz verdik. Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq. (Onu belə yad edirlər:) İbrahimə salam olsun!".

Məlum olan budur ki, bu ilahi göstərişdə və onun sonradan dayandırılmasında gizli bir hikmət vardır ki, bu da heyvanın kəsilməsinin nəzərdə tutulmadığını göstərir. Daha doğrusu, bu ilahi peyğəmbərin dünyəvi əlaqələrinin olmadığını, ixlasını göstərən və onu öz ardıcılları üçün örnək edən bir imtahan idi.

Bəziləri hesab edir ki, bu qəribə hadisə ilə bu mesaj bəşəriyyətə çatdırılıb ki, bəşəri ayinlərdə insanı qurban kəsməyi bir kənara qoyub, ona mənəvi-ictimai cəhətlər qazandırsın. Belə ki, insanı qurban vermək əvəzinə mal-dövlət və övlad asılılığı aradan qalxsın. Bu hadisənin mesajı insanları qurban kəsmək deyil, insanların niyyət və əməllərini Allahı razı salmaq üçün xalis etməkdir.

Qurban kəsmə ənənəsi hər il Qurban bayramı günü Mina torpağında və həmin böyük hadisənin xatirəsinə həcc mərasimlərində icra olunur. Həcc ziyarətinə Allah evinə gedən müsəlmanlar şərtlərə uyğun olaraq halal ətli heyvanlardan birini qurban kəsmək məcburiyyətindədirlər.

Digər müsəlmanlar üçün qurban kəsmək təkidli müstəhəbbdir və bəzi alimlər bunu imkanı olanlara vacib hesab etmişlər. Həmçinin bayram namazından sonra Qurbanın ətindən yemək müstəhəbbdir.
Sonuncu cümlə istisna olmaqla, "Ənam" surəsinin ayələrini ehtiva edən bu duanı qurban kəsilən zaman oxumaq tövsiyə olunur:

«وَجَّهْتُ وَجْهِی لِلَّذی فَطَرَ السَّمواتِ وَ الارْضَ، حَنیفاً مُسْلِماً وَ ما أنَا مِنَ الْمُشْرِکینَ، إنَّ صَلاتی وَ نُسُکی وَ مَحْیای وَ مَماتی لِلّهِ رَبِّ الْعالَمینَ، لا شَریک لَهُ، وَ بِذلِک أُمِرْتُ وَ أَنَا مِنَ الْمُسْلِمینَ * اَللّهُمَّ مِنْک وَلَک، بِسْمِ اللّهِ وَاللّهُ اَکبَرُ. اَللّهُمَّ تَقَبَّلْ مِنّی»

"Mən, həqiqətən, batildən haqqa tapınaraq (dönərək) üzümü göyləri və yeri yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!" (Ənam, 79).

"De: Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!" (Ənam, 162-163).

"İlahi, o səndəndir və sənin üçündür. Allahın adı ilə və Allah daha böyükdür. İlahi, məndən qəbul et".

Teqlər: qurban ، İbrahim ، İsmayıl ، ixlas
captcha