IQNA

Sionist rejim ordusu fələstinlilərin çadırını bombalayıb: 12 şəhid var

5:46 - March 28, 2024
Xəbər sayı: 3495701
İQNA – Sionist rejim ordusunun Qəzza zolağının cənubundakı Xan Yunisdə köçkün fələstinlilərin qaldığı çadırı bombalaması nəticəsində 12 fələstinli, o cümlədən uşaqlar həyatını itirib.

Fələstinin WAFA xəbər agentliyinin verdiyi məlumata görə, İsrail qüvvələri Xan Yunisin qərbində yerləşən Əl-Məvasi bölgəsini bombalayıb.

İsrail döyüş təyyarələrinin köçkün fələstinlilərin çadırını bombalaması nəticəsində aralarında uşaqların da olduğu 12 fələstinli həyatını itirib, çoxlu sayda insan yaralanıb.

Bundan əlavə, İsrail ordusu Qəzzanın cənubundakı Rəfah şəhərinin müxtəlif bölgələrinə hava zərbələri endirib.

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən məcburi köçkün fələstinlilərin sığındığı mülki yaşayış məntəqələrini, xəstəxanaları, məktəbləri və sığınacaqları hədəf alan hücumlarını davam etdirdiyi 2,3 milyon əhalisi olan Qəzza zolağında böyük humanitar böhran baş verib. Xatırladaq ki, humanitar yardımların daxil olmasına mane olmaq və xalqı aclığa məhkum etmək kimi fəlakətlər baş verir.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 14 min 280-i uşaq, 9 min 340-ı qadın olmaqla 32 min 414 fələstinli həlak olub, 74 min 787 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

AA

captcha